Və bu sayt
bizim canımızın bir parçası
Və
bu sayt bizim ruhlara səpmək istədiyimiz bir ovuc
su
Və
bu sayt dincəlişin Baham adaları ...
Dəyərli,
şərəfli, ləyaqətli və bunları qorumaq üçün müvafiq
təminatlı oxucularımız!
Biz ki varıq, yazmağa çox meyl eləyən xalqıq. Hara
gəldi yazırıq: dağa, daşa, divara. Qobustan qayalarının
üstündəki yazılara beş-on min il tarix verirlər.
Bixəbərlər bilmir ki, o yazılar sonunculardı. Onların
altında əvvəl neçə “sloy” yazı olub. Qazıyıb, bir
də yazıblar, qazıyıb, bir də yazıblar... Qayalar
ona görə bu günə düşüb, elənçik bapbalacadılar.
Onların bir vaxtı vardı.... (hələ şükür eləsinlər
ki, salamatdılar). Əlqərəz, biz yazar xalqıq və
əlimizə girəvə düşən kimi nəsə yazırıq: dərd, ələm,
sevgi, söyüş... Şair gözəl deyib:
Dərdimi yazmaqdan aləmdə kağız qalmadı,
Axırı bir guşeyi-divara yazdım dərdimi...
Oxumamaq o qədər də böyük qəbahət deyil.
Lətıfə: Bir çukça yazıçılıq edirmiş.
Soruşurlar ki, Şekspiri oxumusan? Deyir: “Çukça
oxucu deyil, yazıçıdı...
Amma gəlin arada bir oxuyan da olaq. Oxumaq demiş,
Rablenin “Qarqantua və Pantaqruel” əsəri yadınızdadı?
Görün Rable nə yazır:
«Platon öz müəllimi Sokratı silenə bənzədirdi. Bilirsiniz
silen nədir? Balaca əşyalardı. Onların üstündə qəribə
rəsmlər olardı: Məsələn, buynuzlu quş, Asiya yarasası,
yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi,
arabaya qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar.
Bu şəkillər adamlarda gülüş doğurardı - xeyirxah
Baxusun müəllimi Silen də belə olub. Bu söz oradandır…
Onların içində isə nadir dava-dərman: Məkkə balzamı,
ənbər, amom, müşk, tsibet, qiymətli daşların tozu
və sair və ilaxır olardı...». Yazıçı oxucuları bu
yumoristik fonun arxasında əsl həqiqəti tapıb çıxarmağa
dəvət edir, təbii ki, yenə özünəməxsus yumorla:
«Siz kəllə sümüyü tapmış it görmüsünüzümü? (Platon
«Dövlət» adlı kitabında yazır ki, it dünyada ən
filosof heyvandır)» Əgər görmüsünüzsə, sezmiş olarsınız,
it necə ehtiramla onu qoruyur, necə möhkəm tutur,
necə ehtiyatla ağzına alır, necə ləzzətlə gəmirir,
necə çalışqanlıqla sorur. O, nədən bu cür çalışır?
Əlbəttə, oradakı bir damcı beyni nuş eləmək üçün.
Onun bu səyləri boşuna deyil. Qalen özünün «Bədən
üzvlərinin təyinatı haqqında» adlı əsərində yazır
ki, beyin təbiətin bizə verdiyi ən kamil qidadır.
Əziz oxucu, istərdim ki, siz də yuxarıda haqqında
danışılan it kimi müdrik olasınız. Bu dadlı kitabın
sümüyünü sındırın, gəmirib oradakı beyin substansiyasını
sorun, … bu kitabda yalnız seçilmişlər üçün olan,
dinimizə, siyasətə və evdarlığa aid çox qiymətli
sirlərdən agah olarsınız, xüsusi ruh müşahidə edərsiniz».
Nə isə, Rable hər şeyi deyib. Bu sayt da, təvazödən
uzaq da olsa, belənçik. Haydı, iş başına. Oxuyun,
azca da olsa, dodağınız qaçsa, bu layihənin ideya
müəllifi, yığıcısı, tərcüməçisi, dizayneri, redaktoru
və korrektoru olan kəsləri də unutmayın: Gülnarə,
Fizzə
"Protivopokazaniye”:
Qəlbi qaraların bu saytı oxuması qəti qadağandı.
Bu sayta şəkk eləmək olmaz. Şəkk eləyənlərin ağzı
əyilir. Yüngülvari şəkkin doğura biləcəyi ağır fəsadların
bir qismi: Saçların vaxtından əvvəl töklüməsi nəticəsində
keçəllik, göz xəstəlıikləri: konyuktivit və qlaukoma
(sayta kəc baxanlar mütləq bu xəstəliyə tutulur),
brüsselyoz, ostreoxondroz, nevroz, ateroskleroz,
aterosuz skleroz...