| |
|
|
Etimologiya
lüğəti
(Tərtib
edəni O`Kamil)
Ofis – yəni offf! Yenə iş başladı.
Qırışmal
– yəni yaxşı qablaşdırılmamış, kisələrdə qırış-qırış
olmuş mal (pal-paltar)
Varvar
– karvanbasanlarımız əcnəbi karvanlarna hücum edəndə
əvvəlcə yüklərini yoxlayardılar ki, görək yaxşı
bir şey varmı? Olanda dostlarını çağırardılar: «Var,
var, gəlin».
Svetofor
– yəni siftə ver. Qədimdə araba kəşf olunandan sonra
şəhərlərdə dörd yol ayrıcında adam qoyurdular ki,
arabalar bir-biri ilə toqquşmasın. Yolu keçəndə
yabançı arabaçının yol tənzimləyəndən (keçmiş DYP)
qulağının ilk eşitdiyi söz bu olurdu: «Siftə ver!»
Axmaq
- Babalarımız təkallahlı olduqlarından falçı, görücü,
maq, kahin-filandan zəndi-zəhlələri gedib. Ona görə
boş-boş danışana deyərdilər: ax, maq! Yəni maq (falçı)
kimi sarsaq sözlər danışırsan.
Axsaq
- Yəni ax, ay sağlıq, sənin qədrini niyə bilmirik?
Aypara
- Bu sözün yaranmasının tarixçəsi belədi. Qədim
merlərimizdən biri bir gün axşam çağı balkonda uzanıb
xəyalata cumubmuş ki, aya, görəsən, daha şəhərin
harasını satsam, nə qədər pul qazana bilərəm? Bu
vaxt Ay buludların arxasından çıxıb işvəli-işvəli
gülümsəməyə başlayıb. Və merimiz hövlnak: «Ay para!»
deyə qışqırıb. Yəni tapdım, əgər imkan olsa, Aydakı
torpaqları lap cəhənnəmə Sulutəpə qiymətinə satsam,
ay para var ha!
Axşam-
Yəni qaranlıq qarışdı, ax, yenə yaddan çıxdı, şam
almadıq!
General
– yəni genə yer al. Keçmişdə (onda hələ ATƏT anasının
qoynuna düşməmişdi, təbii ki, o üzdən onun Minsk
Qrupu da yox idi) sərkərdələrimiz gedirdi, çoxlu
torpaq alırdı, qayıdırdı vətənə, qılıncındakı düşmən
qanı qurumamış padşah bir də dalından dəyib göndərirdi:
“Əəə, yata-yata yanın ağrımadımı? Get, “GENƏ YER
AL”.
Personaj-
bədii əsərdə əsas olanlar xarakter və tipdir, ikinci
dərəcəlilərə personaj deyilir. Necə ki, cəmiyyətdə
beş-üç nəfər mağıl dolanır, qalan personalar isə
ac-yalavac. Personaj – yəni ac presonalar, əksəriyyət.
Ləbbadə
– yəni badə – rumka kimi dodaq
İt-al-yan
– bu, bir alver növüdür ki, buna baş vuran yanır,
yəni zərərə düşür. Bir sözlə, faydasız alver (it
alsan, yana-yana qalacaqsan).
Bulvar
– yəni pulun varsa, çıx gəz, yoxsa, qaxıl
evdə otur, yüngülsaqqal olma. İkinci bir yozum odu
ki, ora dilənmək üçün yaxşı yerdi, oraya çıxan adamlarda
kalan pul var.
Aliment
– ali təhsilli polis işçisi, keçmişdə onlar
daha çox bu növ ödəmələrə məruz qalırmış
Avara
– yəni ov ara, axtar.
Avatara
– bu söz daha çox hind dinlərində işlənilir. Əvvəlki
sözlə qohumdur. Yəni əgər hökumət xalqı yaşatmaırsa,
çıx ov və ot ara. Ov olar, ət yeyərsən, olmaz ot
yeyərsən. Ölməkdən nə çıxar?
UcaR
– Keçmişdə adamlara heykəl qoymağa ruhanilər icazə
vermədiyinə görə, padşahlara heykəl əvəzinə onların
adının baş hərfinin abidəsini qoyurdular. Təbii
ki, hər rayonda. Əskidə adı R hərfi ilə başlayan
bir müdrik padşahımız var imiş. Herodot yazır ki,
R hərfinə ən uca abidə qoyulan rayon sonralar UcaR
adlanıb.
Şamxor
–Bu rayonun əhalisi bir vaxtlar şam ağaclarına xor
baxırmış.
Parlament
– Daxili İşlər Nazirliyində perspektivi olmayan
paslanan adamların parlamaq yeri.
Ödəmək
– bu bir əmək növüdür ki, bunu edəndə adamın ödü
ağzına gəlir.
Saziş
– yəni əla iş, uğurlu müqavilə. «Kitabi-Dədə
Qorqud»da bu anlamda «kəsim» sözü işlənir. Təpəgöz
Oğuz elinə sitəm eləyirmiş. Gündə nə qədər adam
yeyirmiş. Dədə Qorqud onun yanına gedib təklif edir
ki, gəl səninlə kəsim kəsək (saziş bağlayaq). Bu
cür yeməyində davam eləsən, Oğuz elində adam qalmaz,
sən də acından ölərsən. Sonra razılaşırlar ki, gündə
iki adam, neçə yüzsə qoyun verəcəklər. Əvəzində
Təpəgöz heç kəsə hücum eləməyəcək.
SOSializm
– «SOS» yəni təhlükə, təhlükəli formasiya.
Paytaxt
– yəni taxt-tac sahibləriniə pay (rüşvət) verilən
şəhər.
Korrektor
– rüşvətin baş alıb getdiyi universitetlərin rektorları,
kor olmasa, qarşısını alar.
Qanqster
– yəni Qanq istəyir. Qədimdə bir sıra xalqlarda
insan qurbanlığı geniş yayılmışdı. O cümlədən Hindistanda.
Bir fəlakət üz verəndə deyərdilər ki, müqəddəs Qanq
çayı qurbanlıq istəyir. Təbii ki, əvvəllər ölkənin
mühüm adamlarının övladları qurban verilirdi. Sonralar
cəsur ruhanilər dedilər ki, sevimli övladları sevimsiz
başqaları ilə əvəz etmək də olar. Daha sonra itizəkalı
adamlar peyda oldu. Onlar padşaha hesab verməyən
varlıların uşağını oğurlayıb deyirdilər ki, Qanq
iki ayağını bir başmağa dirəyib sənin balanı istəyir.
Verməsən, fəlakət olacaq və camaat səbəbini səndə
görəcək. Məsələn, quraqlıq olsa, camaat evini daşqalaq
edəcək və s. Varlılara təklif olurdu: «Pul ver,
övladını qaytaraq, Qanqı (padşahı) razı salaq».
Bu söz beləcə yaranıb. Mənə elə gəlir ki, «qanqster»
sözünü milliləşdirib əvəzində Kürster, Arazster,
Vələvələçayster və s. də demək olar.
Aqamemnon
– Hər bir padşah öz təbəələrini dözümlü hala gətirmək
üçün çox əziyyətlər çəkib. Bambılı xalqlar qədimdən
bəri çoxlu üsyanlar edib, padşahları rahat yaşamağa
qoymayıb. Amma elə padşahlar olurdu ki, o, zülm
edəndə xalq lazımi qədər dözüm göstərə bilirdi.
Belə taleyi olan padşahlara qədim Yunanıstanda Ağaməmnun
deyirdilər.
İnhisar
- yəni bura hasarlanıb, kənar şəxslər girə bilməz.
Əgər tropik gözəli bananın bir kiloqramının qiyməti
qonşu Gürcüstanda və Rusiyada bir dollar civarında,
Azərbaycanda isə iki dollar yarıma yaxındısa, demək,
bu sektor hasara (inhisar) alınıb. Əlini üz, əgər
banan gətirmək istəyirsənsə, sərhəddən buraxmayacaqlar,
deyəcəklər get silah gətir, olar, amma banan olmaz.
Olsa, adamın gözünə mil çəkərlər.
Milçək
– milçək, yəni çibin çox ürəkbulandıran və xuliqan
heyvandı. Adamın yaxasını tanıdımı, əl çəkən deyil.
Necə qurtulmalı? Öldürmək olmaz, o da bir candı,
jana qıymaq yaxşı deyil. Ona görə bir çıxış yolu
var: tut və gözlərinə mil çək, nə səni görsün, nə
də qanını sormaq üçün tamahlansın.
Karyera
– «kar» iş deməkdi, «yer» də məlum. Yəni iş yeri.
Yekəxana – böyük evi, imarəti olan adam. Adamın
imarəti nə qədər yekə olsa, yerişi, duruşu, fısıltısı
da o qədər əhatəli olar.
Koramal
– amalı şikəst olan adam
Girəvə
– yəni dəvət eləyirlərsə, heykəl kimi kandarda nə
durmusan, gir evə, belə fürsət bir də ələ düşməz.
Lakin
– la ərəbcə «–sız» deməkdir. “Laməkan” məkansız,
“lakin” də kin-kifirsiz deməkdir. Yəni əgər görsən
ki, zalıma gücün çatmır, başını aşağı sal, ailəni
dolandır, amma nəbadə kin saxlayasan.
A-dam
– yəni damı (evi) olmayan. Ruslar da evi olmayana
damsız deyirlər (bez krışi nad qolovoy). Adamın,
yəni əsl insanın evi olmaz. Olsa da, o vaxt olar
ki, bütün diribaş həşəratların, onların oğlunun,
qızının, nəvə-nəticəsinin, oynaşının… hərəsinin
ölkədə və xarijdə altı-yeddi evi, bağı, hətta itinin
belə lüks damı olsun. Bundan sonra, ya qismət… növbət
ADAMA gələ, ya gəlməyə…
A-dil
– yəni dili olmayan. «Dil» ürək deməkdər.
Dilavər, yəni ürəkli. «Adil» ədalətli deməkdi, həm
də ürəksiz. Adil adamın işi getməz. Ələlxüsus dövlət
başçısı olarsa. Sanisteban deyir ki, daxili amillər
hesabına dövlət çevrilişi iki halda olur: ya güc
strukturları başçının kontrolundan çıxır, ya da
onlara əmr verməyə başçının dili çatmır - ürəksiz
olur.
A-bad
– yəni badsız –küləksiz. Səliqə və təmizlik o şəhərdə
olmur ki, orada yaxşı mer olsun, o şəhərdə olur
ki, bad - külək olmasın. Bakı isə «Badkubə» - küləklər
şəhəridir. Ona görə şəhərimizin dünyanın ən çikrli
paytaxt şəhəri olmağında cənab Abutalıbovun bir
qırtım da günahı yoxdur.
A-ram
– yəni RAM-ı olmayan. RAM çox olanda kompüter sürətli
olur, az olanda aram (yavaş) olur.
A-sim
– simi olmayan. İnjə nüktələrdən danışanda adama
deyirlər: “Sarı simə vurma” yəni məni kövrəltmə.
Adətən, hər kəsin daxilində tutumuna görə müxtəli
sayda simlər olur. Asimlərin daxilində sim olmur
(klaviş olur, olmur - deyə bilmərəm)
A-zad
– pardon, yəni zadı olmayan. Nədi zəhrimarın adı?
Hə, kompleksi.
A-nar
– yəni narı olmayan. Məncə, göyçaylılara «Anar»
adı qoymaqlıq bir az qəbahətə bənzəyir. Bakıda yaşayırsa,
bu, başqa məsələ.
A-zər
– zəri – qızılı olmayan
A-zər-bay-can
– zəri olmayanların bay olduğu (məhv olduğu, zillətə
düşdüyü) ölkə.
A-şiq
– «şiq» moltanıca ağıl deməkdir. Yəni ağılsız.
Eşqə düşən adamda ağıl nə gəzir. Eşq başa girdimi,
ağıl məzuniyyətə çıxır.
A-rzu
– yəni ruzusu daşdan çıxan. Zatən ruzusuzluq onlarda
bir aqressiya yaradır. Belələri «QAZel» sürücüləri
və «xozyayka»lar üçün təhlükləidir.
A-kif
– kiflənməmiş
|
 |
|
 |
© Copyright
Bütün hüquqları qorunur © 2008 |
|